AZAL MAA Pilotların Hazırlığı Mərkəzi

Hal-hazırda Milli Aviasiya Akademiyası Azərbaycanda mülki aviasiya sahəsində və “Azərbaycan Hava Yolları” QSC-nin müəyyən etdiyi digər sahələrdə ali, əlavə və peşə-ixtisas təhsil proqramlarını həyata keçirən yeganə ali təhsil müəssisəsidir.

MAA-da 6 fakültə – Hava nəqliyyatı, Nəqliyyat texnologiyaları, Aerokosmik, Fizika-texnologiya, İqtisadiyyat və hüquq, Qiyabi fakültələr, 23 kafedra, Trenajor Mərkəzi, Aviasiya Personalının Hazırlığı Mərkəzi və IATA institutu fəaliyyət göstərir.

MAA-da mütəxəssis hazırlığı 20 ixtisas üzrə Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən bəyənilmiş və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Dövlət Təhsil Standartları əsasında aparılır.

MAA-nın ən müasir avadanlıqlarla, ixtisaslaşdırılmış auditoriyalarla, laboratoriyalarla, kitabxanalarla təchiz olunmuş beş tədris korpusu, müasir trenajor mərkəzi, idman kompleksi, təcrübə-sınaq istehsalat sahəsi, otel kompleksi, tələbə şəhərciyi vardır. İxtisaslaşdırılmış siniflər və auditoriyalar multimedia avadanlığı, tədrisə və biliyə nəzarətin texniki vasitələri ilə təchiz olunmuşdur.

2010-cu ildən etibarən Milli Aviasiya Akademiyasının nəzdində Pilotların Hazırlığı Mərkəzi fəaliyyət göstərir. Mərkəz Nəzəri və Praktiki Hazırlıq şöbələrindən ibarətdir. Nəzəri Hazırlıq Şöbəsində 300-dən artıq ixtisasartırma kurslarına hər il 7000-dən artıq aviasiya sahəsində çalışan mütəxəssis cəlb olunur. Praktiki Hazırlıq Şöbəsində isə peşəkar mülki aviasiya pilotlarının hazırlığı üçün vacib olan 4 ədəd uçuş simulyatoru quraşdırılmışdır. Beləliklə, Pilotların Hazırlığı Mərkəzində Airbus A320, Boeing 757/767, ATR-42/72 təyyarələri həmçinin Mi-8AMT helikopter pilotların təlim keçir. Uçuş simulyatorunda aviasiya elminin və texnikasının müasir yeniliklər tətbiq olunmaqla, bu sahədə ən yüksək olan və beynəlxalq təşkilatlar tərəfindən yoxlanılan D səviyyəsi təmin olunur.